Azərbaycanın Xankəndi və ətraf bölgəsində qeyri-qanuni erməni terror dəstələri kimi fəaliyyət göstərən Ermənistanın 10 min hərbçisi tam mühasirə vəziyyətinə düşüb... Erməni terror mərkəzləri isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bütün dünyaya bəyan edən baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı sui-qəsd planları qururlar...
Azərbaycanın son hərbi-siyasi manevrləri Ermənistanın bütün manupulyasiya fəaliyyətinin əsas istiqamətlərini birmənalı şəkildə ifşa etməyə başlayıb. İndi rəsmi İrəvan üçün Azərbaycanın Xankəndi və ətraf bölgəsi üzərindən müxtəlif məkrli oyunlar qurmaq imkanları məhdudlaşıb. Yəni, rəsmi İrəvan da, Ermənistan cəmiyyəti də mövcud reallıqlarla birbaşa üz-üzə qalıb. Və bunun dəyişdirilməsinin daha mümkün olmayacağını da anlamağa başlayıblar.
Azərbaycanın qarşısında son 30 ildə keçmiş SSRİ-nin dağılmasına paralel olaraq, süni şəkildə yaradılmış “erməni problemi” mövcud idi. Rəsmi Bakı uzun illər ərzində Azərbaycan ərazilərində erməni separatizmi və terrorizmi ilə bağlı problemi həll etmək üçün sülh və dialoq yolunu sınaqdan çıxartdı. Ancaq bu, erməni terrorizmini zərərsizləçdirmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün yetərli olmadı.
Ona görə də, rəsmi Bakı 30 il ərzində Azərbaycanın inkişaf perspektivləri qarşısında ciddi əngəllərdən biri olan erməni terrorizminə hərbi yolla müdaxilə etmək məcburiyyətində qaldı. Nəticədə Azərbaycan İkinci Qarabağ savaşında Ermənistan üzərində qazandığı tarixi hərbi qələbə sayəsində öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etməyə nail oldu. Və bundan sonra bu problemin həlli ilə bağlı yekun mərhələyə start verildi.
Təbii ki, bu dəfə də rəsmi Bakı sülh danışıqları ilə irəliləməyə çalışdı. Ancaq açıq-aşkar məlum oldu ki, Azərbaycan erməni terrorizmini tamamilə sıradan çıxartmaq üçün daha radikal addımlar atmalıdır. Rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratması erməni terrorizminin “nəfəsini kəsmək” baxımından, prinsipial addımdır.
Məsələ ondadır ki, Ermənistan Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan qeyri-qanuni erməni silahlı terror dəstələrini silah-sursatla təmin etmək imkanlarını tamamilə itirib. Bəzi məlumatlara görə, Azərbaycanın Xankəndi və ətraf bölgəsində Ermənistanın qeyri-qanuni erməni terror dəstələri kimi fəaliyyət göstərən 10 min nəfərə yaxın hərbçisi var. Rəsmi İrəvan bu hərbi terrorçuları Azərbaycan ərazisindən çıxarılmasını müxtəlif bəhanələrlə yubadır.
İndi rəsmi Bakı Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi sayəsində Xankəndi və ətraf bölgədə beynəlxalq hüquq normalarına qarşı bütün növ fəaliyyətlərin bloklanmasına nail olub. Belə ki, Laçın yolunda quraşdırılmış “skanerlər” hətta Rusiya sülhməramlı qüvvələrinin daşıdığı yüklərin təyinatına da artıq nəzarət etmək imkanı yaradır. Və nə qədər qəribə də olsa, bundan ən çox Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) narahat olub.
Maraqlıdır ki, BQXK Laçın yolu boyunca fəaliyyətini dayandırdığını bəyan edib. BQXK-nın Ermənistan nümayəndəliyinin rəhbəri Zara Amatuni məsələ ilə bağlı müəyyən prosedurların aydınlaşdırılmalı olduğunu söyləyib: “Fəaliyyəti özümüz dayandırmışıq. Prosesin bərpası üçün bəzi prosedurlar dəqiqləşdirilməlidir. Bu istiqamətdə səlahiyyətli şəxslərlə dialoqlar aparılır”.
Belə anlaşılır ki, BQXK Laçın yolunda bu quruma aid maşınların skanerlərlə nəzarətdən keçirilməsindən narahatdır. Halbuki, BQXK bölgədə mülki-humanitar fəaliyyətlə məşğul olduğundan bu qurum üçün ciddi problemlərin olma ehtimalı yoxdur. Böyük ehtimalla Ermənistan son vaxtlara qədər BQXK-nin maşınlarından bu qurumun missiyasına zidd olaraq, qeyri-humanitar yüklərin daşıması üçün istifadə edib. Və indi BQXK bu yolverilməz fəaliyyətin üstünün açılma ehtimalından narahat olub, maşinların yoxlanılmadan keçirilməsinə nail olmağa çalışır.
Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində mövcud situasiyaya tam nəzarət edir. Bundan sonra Azərbaycan üşün önəmli olan əsas məsələ Xankəndi və ətraf bölgədə yaşayan etnik erməni azlığının reinteqrasiya prosesinin uğurla sona çatdırılmasıdır. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra isə regionda erməni terrorizmi ilə bağlı problemin böyük ölçüdə həll olunacağı qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, sonuncu Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına əngəl törədən əsas problemlərdən biri ilə bağlı anlaşma əldə edilib. Üstəlik, bu reallığı Ermənistanın baş naziri Nikol Paşinyan Avropa səfərində rəsmən etiraf edib. Erməni baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib ki, İrəvan və Bakı Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər: "Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Brüssel görüşündə biz irəliyə doğru addım atdıq. Biz vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır.
Təbii ki, bu, olduqca önəmli açıqlamadır. Belə ki, bu açıqlama ilə erməni baş nazir Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını məhz Avropa qurumunun sammitində rəsmən elan edib. Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinə Xankəndi və ətraf bölgə də daxildir. Yəni, Ermənistan baş naziri Nikol Paşinyan Avropa ölkəsində “Qarabağ Azərbaycandır” bəyanatı verib. Və bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur.
Ancaq eyni sözləri Ermənistan üçün söyləmək çox çətindir. Çünki Ermənistan cəmiyyəti Brüssel görüşünün nəticələrindən və baş nazir Nikol Paşinyanın həmin bəyanatından ciddi şəkildə narazıdır. Ona görə də, Ermənistanda radikal-revanşistlərin, eləcə də erməni terror təşkilatlarının artıq hərəkətə keçdiyi bildirilir. Və həm baş nazir Nikol Paşinyanın, həm də onun ailə üzvlərinin hədəfdə olduğu iddia edilir.
Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına edilən cəhd də həmin iddiaları təsdiqləyir. Aşot Paşinyanı oğurlamaq istəyənlərin “Oğulların çağırışı” adlı yarımleqal erməni terror təşkilatınin üzvləri olduğu bildirilir. Bu terrorçular erməni baş nazirin oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq Aşot Paşinyan son anda avtomobildən düşərək, qaçmağa nail olub. Bununla belə, erməni terrorçular özlərinə aid ikinci maşınla Aşot Paşinyanı vuraraq, qaçıb gizlənməyə nail olublar.
Bütün bunlar onu göstərir ki, Brüssel görüşünün nəticələri Ermənistanda yeni terror dalğasına stimul verib. Ermənistan baş naziri Nikol Paşinyanın yekun sülh sazişinə yönəlik mövqeyi erməni terror mərkəzlərini hərəkətə gətirib. Bu baxımdan, erməni baş nazirin və onun ailə üzvlərinin böyük təhlükə qarşısında qaldığı iddia olunur.