"Azərbaycan 2026-cı ilə qədər öz strategiyasını hazırlayarkən beynəlxalq əməkdaşlığın və regional sabitliyin genişləndirilməsini qarşısına məqsəd qoyur".
"Gundelikxeber.org"un xəbərinə görə, bu barədə hazırda Niderlandda işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Hollandtimes" nəşrinə müsahibəsində bildirib. Hazırda Azərbaycan diplomatı 2025-ci ilin əvvəllərində başlanılmış Azərbaycan və Niderland arasında gücləndirilmiş siyasi dialoq çərçivəsində Haaqada səfərdədir.
"Bu il ikitərəfli münasibətlərimizdə əhəmiyyətli irəliləyiş müşahidə olunub. Prezident İlham Əliyev və Baş nazir Dik Şofun Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində görüşü əsas mərhələ oldu. Bu görüş zamanı iki lider tərəfdaşlığımızın müxtəlif aspektlərini müzakirə ediblər və bir sıra sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün razılığa gəliblər. Bundan əlavə, il ərzində xarici işlər nazirlərimiz Vyanada ATƏT Nazirlər Şurası çərçivəsində görüşüblər, Bakıda xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr aparılıb, eləcə də xarici işlər nazirlərinin müavinləri və digər yüksəkvəzifəli şəxslər arasında qarşılıqlı səfərlər çərçivəsində Bakı və Haaqada görüşlər keçirilib. Səfərimin məqsədi mövcud müsbət trayektoriyaya töhfə vermək və niderlandlı həmkarlarımızla tərəfdaşlığımızı daha da dərinləşdirmək üçün gələn il üzrə perspektivləri və planları müzakirə etməkdir", - E.Əmirbəyov deyib.
O qeyd edib ki, iqtisadi əməkdaşlıq Azərbaycan-Niderland münasibətlərinin əsas sütunlarından biridir:
"İki ölkə arasında ticarət dövriyyəsi son illərdə durmadan artır və təkcə 2025-ci ilin ilk on ayında 35 faiz artıb. Qarşılıqlı investisiyalar da artmaqdadır. Bununla belə, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi və şaxələndirilməsi üçün əhəmiyyətli dərəcədə istifadə olunmamış potensial mövcuddur. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Avropa üçün strateji tərəfdaşdır. Öz coğrafi mövqeyinə görə ölkə, mühüm tranzit mərkəzi və Avropa ilə Asiya arasındakı əlaqələrdə əsas halqa rolunu oynayır, həmçinin Orta Dəhlizin inkişafında və daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Ölkələrimiz enerji sektorunda, o cümlədən Azərbaycandan Niderlanda enerji təchizatını artırmaqla sıx əməkdaşlıq edir. Niderland şirkətləri Bakıda dəniz limanının inkişafı, gəmiqayırma, nəqliyyat logistikası və multimodal nəqliyyat mərkəzi kimi potensialını artırmağa yönəlmiş mühəndislik işləri daxil olmaqla, layihələrdə fəal iştirak edirlər. Perspektivdə gələcək əməkdaşlıq dəniz limanı üçün yeni genişləndirmə imkanlarına yönələcək. Kənd təsərrüfatı və su təsərrüfatının idarəolunması da ikitərəfli əməkdaşlığın potensial əsas sahələridir. Niderlandın davamlı kənd təsərrüfatı, istixana texnologiyaları və su resurslarının idarəedilməsi sahəsindəki təcrübəsi iqtisadi əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynaya bilər.