“2023-cü il Azərbaycan xalqı üçün bir neçə önəmli tarixi hadisələrin ildönümü səbəbilə əlamətdar olub. İlk növbədə xalqımız, eləcə də bütün dünya azərbaycanlıları bu il Ulu Öndər Heydər Əliyevin yüz illik yubileyini böyük coşqu ilə qeyd edirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla bu ilin “Heydər Əliyev İli” elan olunması isə yaşadığımız bu ilin önəmini daha da artırıb. İkinci bir tərəfdən isə Azərbaycan xalqı may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 105-ci ildönümünü qeyd edəcək. XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edərək şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Cümhuriyyət xalqımızın şanlı dövlətçilik tarixini müstəsna dərəcədə zənginləşdirmişdir. Ulu Öndər Heydər Əliyev əbəs yerə deməmişdir: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Həqiqətən də Azərbaycan xalqı qoca şərqin ilk demokratik, həmçinin Türk dünyasının ilk dünyəvi dövlətini qurana qədər dəhşətli faciələr yaşamış, böyük məşəqqətlər çəkmişdir. Tarixin müxtəlif mərhələlərində uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan mənfur qonşularımız 1918-ci ilin mart-aprel aylarında da bolşevik silahlı dəstələri ilə birgə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, qanlı qətliamlar həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuşdu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.”
Bu sözləri AXC-nin yaranmasının 105-ci ildönümü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.Daha sonra deputat Cümhuriyyətin yaradıcılarına ən böyük dəyərin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edərək bunları deyib: “Keçən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək AXC-nin istiqlalını dünyaya yaydığı 28 May gününü Respublika günü olaraq hər il təntənə ilə qeyd edir. Ümummilli Liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi də məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Bu tarixi günə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Ulu Öndər demişdir: “Belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər.” Həqiqətən də Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi. Bunun nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.”
Həmçinin A.Naxçıvanlı ötən əsrin əvvəlləri ilə sonları arasında tarixi paralel apararaq, Azərbaycan Respublikasının da 1993-cü ildə öz sələfinin, Xalq Cümhuriyyətinin faciəli taleyini təkrar yaşamağın bir addımlığında olduğunu diqqət mərkəzinə çəkib: “Azərbaycan xalqı ölkəmizin müstəqilliyi və azadlığı uğrunda qanlı mübarizə apararaq 1991-ci ildə dövlət müstəqilliyini bərpa edə bilmişdi. Lakin müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin ağır nəticələri, habelə ölkənin artıq astanasında durduğu vətəndaş müharibəsi, həm hökumətdə, həm də cəmiyyətdə anarxiyanın hökm sürməsi təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidini sarsıtmış, yenicə bərpa etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki il çəkmişdisə, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü daha qısa ola bilərdi. Lakin bu dəfə xalqın təkidli tələbi ilə ölkənin hakimiyyət sükanını öz etibarlı əllərinə götürən Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası bu fəlkətin qarşısını aldı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolda atılmış ilk önəmli addım oldu. Ulu Öndər Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu. Bu gün isə Azərbaycanda Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Ölkə Prezidenti cənab İlham Əliyev son 20 ildə respublikamızın dünyada iqtisadi və maliyyə böhranlarının, bir çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi inkişafını təmin etmiş, beynəlxalq mövqelərinin ketdikcə möhkəmlənməsinə nail olmuşdur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti və müstəqil xarici siyasət kursunun nəticəsi olaraq, Azərbaycan bu gün Avropa Birliyinə üzv dövlətlər üçün ən arzuolunan strateji tərəfdaş ölkələrdən birinə çevrilib. Əlbəttə ki, 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərimizdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu şanlı Qələbə çalaraq ərazi bütövlüyümüzü bərpa etdi və Ulu Heydər Əliyevin ən önəmli vəsiyyətinə əməl olundu”, – deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.