Muüəllim - zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, bar verən ağac kimi başıaşağı, millətin, xalqın yükünü çiynində daşıyır. Hər insan uğurunun kölgəsində müəllim nəfəsi duyulur.
Sinif otaqları arasında döyünən ziyalı ürək...
O ürək yüzlərlə uşağın arasında döyünür, narahat olur, bəzən usanır, lakin tükənmir.
Nəsillər bir-birini əvəz edir, dəyişir, böyüyür, bölünür. Müəllim isə eyni səmimiyyətlə yeni nəsillərə qapılar açır. İllərin içindən keçərək yüzlərlə həyata toxunur.
İdeallığa doğru gedən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən bir şəxsiyyətdir.
Gəlin, alqış deyək, dostlar, ürəkdən,
Əsl müəllimtək yaşayanlara!
Əsl müəllim tək yaşayanlardan biri də Babayeva Mədinə Elman qızıdır.
O, Zərif Qayıbov adına 5 saylı Gəncə şəhər musiqi məktəbində direktor əvəzedicisi kimi çalışır. Əvvəl 3 saylı musiqi məktəbində Musiqi nəzəriyyəsi müəllimi işləmiş, artıq 2 ildir yolunu 5 saylı musiqi məktəbindən salmışdı. İşlədiyi 2 il müddətində məktəb bir çox nailiyyətlər əldə etmiş, konsert və tədbirlərdə 5 saylı musiqi məktəbinin şagirdləri yüksək səviyyəli çıxışlarla məktəbin adını zirvələrə qaldırmışdır.
İnsan memarı, ümid qəhrəmanı, məhəbbət dolu qəlbilə, ismətilə şagirdlərə örnəkdir Mədinə xanım. Gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin və kollektivin etibar etdiyi əsl Azərbaycan xanımıdır.
Müəllim əməyi sayəsində dil qəlbin tərcümanına, göz də qəlbin aynasına çevrilər. İnsan onun vasitəsilə kainatda bütövləşər, özünə yer tapar. Mədinə xanımın sözünü, tövsiyələrini unutmaq mümkün deyil. Şagirdlərinin illər sonra anlayacaqları öyüdləri illər öncə söyləyir.
Müəllim haqqında nə qədər yazılsa, danışılsa, yenə də azdır. Amma bu gün müəllimlərdən yazmamaq qəbahət olar. Axı bu gün oktyabrın beşi, Beynəlxalq Müəllimlər Günüdür. Növbəti qəhrəmanımız ömrünün 16 ilini pedaqoji fəaliyyətə həsr edən və usanmadan yolunu davam edən Hüseynova Sevinc Hafiz qızıdır.
Z.Qayıbov adına 5 saylı musiqi məktəbinin fortepiano müəllimi Sevinc xanımı şagirdləri çox sevir, əməyini yüksək qiymətləndirir. 16 illik zəhmət, əziyyət, hər notun melodiyanın fonunda gizlənmiş, ürək döyüntüləri hədər olmayıb. Şagirdləri müxtəlif beynəlxalq və respublika müsabiqələrində nailiyyətlər və uğurları ilə müəllimlərinin başını uca etmişdi. Sevinc müəllimə adı kimi ətrafa sevinc bəxş edən kövrək qəlbli xanımdır. Dəfələrlə şagirdləri ilə birgə uşaq evlərində, Gəncə SOS uşaq kəndində konsertlərlə çıxış etmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara kiçik səhnələrlə böyük xoşbəxtlik yaratmışdır.
Sevinc xanım səbrin və duyğunun birləşdiyi ümmandır. O, pianonun səsini də, bir uşağın utancaq baxışını da eyni sevgilə anlayır. Hər bir şagirdin həyatında ritmi tutanacan melodiyanı kəsmir.
Sevinc xanım ruhun dili ilə danışan müəllim, şagirdlərini bir baxışdan anlayan psixoloq, notlarla şagirdləri sehirləyan əsl pedaqoqdur. Pianoda toxunduğu notlarla şagirdlərinin qəlbinə toxunur. Pianonun səsi bir ümid, bir sevinc kimi yayılır sinif otağına.
Onun dərin baxışlarında səbr, səsində mehribanlıq, ürəyində isə sonsuz harmoniya var. O, təkcə not öyrətmir. Ruhu dinləməyi, səssizliyi duymağı, bir notun içində min duyğunu yaratmağı öyrədir.
5 oktyabr Müəllimlər Günü münasibətilə başda Mədinə və Sevinc olmaqla Z.Qayıbov adına 5 saylı musiqi məktəbinin bütün müəllimlərini təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!