
“Elektron qaydada səs vermək üçün tətbiq olunan cihazlar internet şəbəkəsinə qoşulmadığından kiber müdaxilə təhlükəsi yoxdur”.
"Gundelikxeber.org"un verdiyi məlumata görə, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili keçirdiyi brifinqdə deyib.
O bildirib ki, istənilən avadanlığın işində nasazlığın yaranma ehtimalı minimaldır.
“Amma təbii ki, belə hallar nəzərə alınır və sığortalanır. Əsas odur ki, səsvermə prosesi heç bir halda dayandırılmayacaq”, - MSK sədri söyləyib.
Qeyd edək ki, sabah Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Ölkə üzrə 3 061 seçki məntəqəsi yaradılıb ki, onlardan 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada olacaq. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir. Onların 3 130 348 nəfəri elektron texnologiyalardan istifadə etməklə səs verəcək.
Cəmilə Babayeva