"Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna xidmətləri ilə yadda qalan ulu öndər Heydər Əliyev bütün sahələr kimi, təhsil sektorunun inkişafına da xüsusi həssaslıqla yanaşırdı. Xalqın savadlı, müasir düşüncəli və milli dəyərlərə bağlı olması dövlətin tərəqqisinin əsas şərti kimi qiymətləndirilir, bu səbəbdən təhsil Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq daim ön planda dayanırdı".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O bildirib ki, 1990-cı illərin əvvəllərində xalqı qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsindən xilas edən, ölkənin dağılmasının qarşısını qətiyyətlə alan Heydər Əliyev müstəqil Azərbaycanın siyasi sabitliyinin əsasını qoydu:
"Onun sarsılmaz iradəsi və dövlətçilik mövqeyi ölkəni tam süqut təhlükəsindən çıxararaq yeni inkişaf mərhələsinə gətirdi. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımlar da ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Heydər Əliyevin diplomatik fəaliyyəti ölkəmizi qlobal siyasi arenada etibarlı tərəfdaş kimi tanıtdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Bu strateji addım ölkəmizin enerji siyasətini formalaşdırmaqla yanaşı, iqtisadi müstəqilliyini sürətlə möhkəmləndirdi. Ulu öndərin təşəbbüsü ilə qəbul edilən mütərəqqi Konstitusiya isə hüquqi dövlət quruculuğunun əsas sənədi kimi demokratik inkişafın institusional bazasını yaratdı. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq enerji xəritəsində rolunu daha da artıraraq ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi".
M.Vəliyeva qeyd edib ki, ulu öndərin ən böyük xidmətlərindən biri özündən sonra güclü, müdrik və iradəli siyasi davamçı yetişdirməsi idi:
"Prezident İlham Əliyev bu gün həmin strateji kursun varisi kimi Azərbaycanın qüdrətini daha da artırıb. 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə olunan qələbələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi və bu, Heydər Əliyev ideyalarının tarixi təntənəsinə çevrildi. Bu gün Heydər Əliyev Fondunun ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, sosial və mədəni layihələr ulu öndərin irsinin yaşadılmasına böyük töhfə verir. Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyəti Azərbaycanın qlobal aləmdə humanizm və mədəniyyət mərkəzi kimi tanınmasına xidmət edir".
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ulu öndərin müəyyən etdiyi strateji inkişaf yolunu uğurla davam etdirərək regionun lider dövlətinə çevrilib. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi gücün artırılması, hərbi qüdrətin təkmilləşdirilməsi və sosial rifahın yüksəldilməsi Heydər Əliyev ideyalarının müasir mərhələdə ardıcıl icrasının bariz nümunəsidir. Tarixi həqiqət budur: Heydər Əliyevin müəyyən etdiyi inkişaf modeli bu gün də Azərbaycanın tərəqqisinin, sabitliyinin və uzunmüddətli strateji hədəflərinin əsasını təşkil edir", - deyə o, bildirib.