
Qazaxıstanda narkotikə görə həbsdə olan “Navai” ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov barəsində yeni qərar verilib.
Axşam.az xəbər verir ki, reper Qazaxıstanda istintaq təcridxanasından azad edilib. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, sənətçi girov qarşılığında sərbəst buraxılıb. Narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi bağlanmayıb. Bildirilir ki, Nəvaiyə ölkədən çıxmamaq barədə iltizam da verilməyib və o, artıq Rusiyaya uçur.
Məlumata əsasən, Nəvai Taraz şəhərindəki 13 saylı istintaq təcridxanasında saxlanılıb. Oktyabrın 19-da axşam saatlarında sənətçi yenidən təcridxanaya qaytarılıb, oktyabrın 20-də isə məhkəmə iclasına aparılıb.
Qeyd edək ki, oktyabrın 14-də Qazaxıstana giriş zamanı reperin olduğu avtomobildə narkotik maddə aşkarlanıb. Barəsində iki ay müddətinə həbs qərarı çıxarılan reper məhbuslara qarşı işgəncə və qəddar rəftar halları ilə gündəmə gələn təcridxanaya yerləşdirilmişdi.