"Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev və baş həkimi Nicat Kərimov vəzifələrindən azad ediliblər.
“Gundelikxeber.org” TƏBİB-ə istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə sözügedən xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək.
Bundan əlavə, tibb müəssisəsinə direktor müavini - baş həkim təyinatı da baş tutub. Belə ki, bu vəzifəyə Elçin Mustafayev təyin olunub.
Bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək Pərviz Hacıyev ixtisasca uroloqdur. O, 2020-2022-ci illərdə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Yeni təyinata qədər isə özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.
E.Mustafayev də ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.