
Türkiyəli televiziya rəhbəri Acun Ilıcalının sahibi olduğu “Acun Medya” şirkəti 100 milyon dollardan çox təzminat tələbi ilə üzləşib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, “Survivor Yunanıstan”ın 22 yaşlı iştirakçısı Stavros Floros Dominikan Respublikasında keçirdiyi ağır qəzadan sonra Acun Ilıcalının şirkəti və "SKAI TV"yə qarşı məhkəməyə müraciət edib.
Gənc yarışmaçı iddia ərizəsində çəkiliş heyətini təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təmin etməməkdə günahlandırıb. Onun sözlərinə görə, hadisə baş verən ərazidə təhlükəsizlik qayıqları, müşahidəçilər, qoruyucu zonalar və xəbərdarlıq nişanları olmayıb. Floros həmçinin həmin sularda daha əvvəl də qəzaların baş verdiyini və ölüm faktının qeydə alındığını iddia edib.
Qeyd edək ki, Floros açıq dənizdə sualtı ovla məşğul olarkən turist gəmisinin pərinə ilişib. May ayında baş verən hadisə zamanı yarışmaçının sol ayağı pər zərbəsi nəticəsində qopub və həmin hissə sudan tapılmayıb. Onun həyatını gəmidə olan sərnişinlərdən biri xilas edib. Floros daha sonra Mayamidə xəstəxanaya yerləşdirilib.
İki aya yaxın xəstəxanada müalicə alan yarışmaçı sol ayağının amputasiyasından başqa, ağır xəsarət alan sağ ayağının bərpası üçün də bir neçə əməliyyat keçirib. Fiziki ağrı, psixoloji travma və həyat keyfiyyətinin azalması əsas gətirilərək tələb olunan təzminatın məbləği 100 milyon dolları keçib.
“Acun Medya” isə hadisənin yarışmanın çəkiliş prosesi zamanı deyil, fasilə vaxtı və Florosun proqramdan kənar fəaliyyəti zamanı baş verdiyini açıqlayıb. Şirkət hadisədən dərhal sonra yarışmaçıya yardım göstərildiyini və onun xəstəxanaya çatdırıldığını bildirib.
"SKAI TV" isə hadisədən sonra “Survivor Yunanıstan”ın yayımını dayandırıb və çəkiliş prosesinin “Acun Medya”nın nəzarəti və məsuliyyəti altında həyata keçirildiyini qeyd edib.