
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində sahibkar Elxan Hacıyevə məxsus obyektin qarşısındakı ərazinin gecə saat 02:00 radələrində ağır texnika ilə dağıdılması ilə bağlı qalmaqal səngimək bilmir. Lakin hadisənin özündən sonra ortaya çıxan məqamlar daha ciddi suallar doğurur.
Söhbət Vənənd kəndinin icra nümayəndəsi Yaqut Babayevanın mövqeyindən və sahibkarın üzləşdiyini bildirdiyi münasibətdən gedir.
Sahibkar Elxan Hacıyevin redaksiyamıza verdiyi məlumata görə, yaşanan hadisədən sonra kəndin icra nümayəndəsinin həyat yoldaşı Xaliq Mayılov dəfələrlə onun yanına gələrək narahatlıq yaradıb, qeyri-etik ifadələr işlədib. Sahibkar bu davranışların onu bezdirməyə və mövcud mübahisə fonunda əlavə təzyiq altında saxlamağa yönəldiyini düşünür.
Burada əsas sual budur: Vətəndaş öz hüququnu tələb etdiyi halda, niyə qarşısına yeni problemlər çıxmalıdır?
İcra nümayəndəsi Yaqut Babayevanın hadisə ilə bağlı açıqlamaları da ayrıca müzakirə mövzusudur. Bir tərəfdən hadisədən xəbərsiz olduğunu bildirən icra nümayəndəsi, digər tərəfdən mübahisəli ərazi ilə bağlı hər iki tərəfin sənədlərinin olduğunu söyləyir. Bu isə istər-istəməz sual yaradır: Əgər hadisədən xəbər yox idisə, ərazi ilə bağlı vəziyyət və tərəflərin sənədləri barədə bu qədər əmin danışmaq nəyə əsaslanır?
Elxan Hacıyev isə təqdim etdiyi çıxarışla ərazinin ona məxsus olduğunu bildirir.
Görünən odur ki, sahibkarın yaşadığı problem təkcə dağıdılmış ərazi ilə bitmir. İndi də onun sözlərinə görə, icra nümayəndəsinin ailə üzvünün davranışları əlavə narahatlıq yaradır.
Yaqut Babayevaya xatırlatmaq istərdik ki, icra nümayəndəsi vəzifəsi vətəndaşla mübahisə aparmaq, ona qarşı mövqe nümayiş etdirmək üçün deyil, dövlətin yerli səviyyədə təmsil olunması və vətəndaşların qanuni maraqlarının qorunması üçündür.
Əgər sahibkarın təqdim etdiyi sənədlər mövcuddursa, həmin sənədlərə münasibət bildirmək və mübahisəyə aydınlıq gətirmək lazımdır. Vətəndaşı davamlı mübahisələrə cəlb etmək, onun iddialarına konkret cavab vermək əvəzinə vəziyyəti daha da gərginləşdirən davranışlar sərgiləmək heç bir halda qəbuledilən deyil.
Məsələ ilə bağlı daha bir diqqətçəkən məqam: hadisəyə görə S.Qafarovun saxlanıldığı və cinayət işinin başlandığı bildirilir. Buna baxmayaraq, sahibkarın yaşadığı narahatlıqların davam etdiyini deməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
Elxan Hacıyev Ordubad Rayon İcra Hakimiyyətinin başçısından Yaqut Babayevanın hadisə ilə bağlı mövqeyinin, fəaliyyətinin və sahibkarın səsləndirdiyi iddiaların araşdırılmasını istəyir. O, Xaliq Mayılov davranışlarına da hüquqi qiymət verilməsini tələb edir.
Yaqut Babayeva, suallar açıq qalır:
Sahibkarın təqdim etdiyi mülkiyyət sənədləri ilə bağlı niyə aydın və əsaslandırılmış mövqe ortaya qoyulmur?
Hadisədən xəbərsiz olduğunu bildirən icra nümayəndəsi mübahisəli ərazi ilə bağlı açıqlamalarını hansı məlumatlara əsasən verir?
Sahibkarın iddiasına görə, həyat yoldaşınızın onunla dəfələrlə əlaqə saxlaması və narahatlıq yaratması nə ilə izah olunur?
Vətəndaşın əsaslı suallarına cavab vermək əvəzinə, niyə mübahisə daha da dərinləşir?
Dövlət vəzifəsi daşıyan şəxslər unutmamalıdırlar ki, vətəndaş qarşısında hesabatlılıq onların şəxsi seçimləri deyil, vəzifələrinin tələbidir. İcra nümayəndəsinin fəaliyyəti suallar doğurursa, bu suallara cavab verilməlidir.
Serhed.Az olaraq bildiririk ki, bu məsələni diqqətdə saxlayacağıq. Yaqut Babayevanın və Xaliq Mayılov mövqeyini dərc etməyə, həmçinin təqdim edəcəkləri sənəd və açıqlamaları ictimaiyyətə çatdırmağa hazırıq.